"Hər mövqe üçün ən azı 2 futbolçu lazımdı" - Nikola Yurçeviç

Milli komandamızın baş məşqçisi Nikola Yurçeviç müsahibə verib.
 
Sport7.az xəbər verir ki, Premyer Liqa oyunlarını izlədiyini söyləyən xorvatiyalı çalışdırıcı milliyə çağıracaq futbolçularla bağlı da danışıb.

- Siz Azərbaycandasınız?

- Bəli, bir çox görüşlər keçirirəm. İşə yeni başlamışam və hər şeyi qaydasına qoymalıyam.

- Premyer Liqanın son turunun oyunlarını izlədinizmi?

- Əlbəttə ki, izlədim. 2 sürpriz oldu, "Qarabağ” "Sabah”la heç-heçə etdisə, "Neftçi” "Səbail”ə uduzdu. "Neftçi”nin "Qarabağ”dan uzaqlaşmaq üçün yaxşı şansı var idi. Amma bunu əldən verdi. Əslində, bu, çox maraqlıdı. Hər iki komandanın çempionluq şansları eyni olaraq qalır və bu rəqabət deməkdi.

- AFFA ilə rəsmi müqavilə imzaladınızmı?

- Bütün detallar həllini tapıb. Aramızdakı danışıqlar rəsmi şəkildə başa çatıb.

- AFFA Robert Prosineçki ilə müqavilə imzalayarkən onun qarşısına daha çox Azərbaycanda yaşamağı və Premyer Liqanın matçlarını izləmək şərti qoymuşdu...

- Eyni şərtlər bizdə də var. Mənim yoldaşım Bakıya gələcək və biz vaxtımızın çox hissəsini burada keçirəcəyik. Bu, dəyişməz olaraq qalır.

- Çempionat oyunlarını izləmisinizsə, deməli, artıq milliyə kimlərin dəvət alacağı bəllidir...

- Hər mövqe üçün ən azı 2 futbolçu lazımdı. 80-90 faiz müəyyənləşdirmişəm ki, toplanışa kimlər çağırılacaq. Amma qarşıda yenə oyunlar var və bizim diqqətimizi çəkən oyunçular ola bilər. Daha 3 tur oynanılacaq və dəyişən şeylər mümkündü. Amma böyük əksəriyyəti bəllidi.

- Litvaya qarşı yoldaşlıq matçı keçirəcəksiniz və bu, ağır Xorvatiya matçından sonra olacaq...

- Bütün komandalara çətin olacaq. Müasir futbolda asan komanda yoxdu. Ümumiyyətlə, bizim ardıcıl oyunlar keçirməyimiz lazımdı. Demək olar ki, bütün komandalar yoldaşlıq görüşləri oynamağa çalışacaq. Bizim üçün istənilən halda, Xorvatiya matçı çox vacibdi. Amma həmin qarşılaşmada meydana çıxmayan futbolçular olacaq. Böyük ehtimalla, həmin oyunçular sınaq qarşılaşmasının start heyətində yer alacaq.

- Yerli köməkçinizin adına aydınlıq gəldi?

- Bir neçə namizəd var ki, nəzərdən keçirib danışırıq. Amma sizə konkret ad deyə bilməcəyəm. (futbolinfo.az)
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR